20 Yanvar xalqımızın şanlı mübarizə tarixinə qızıl hərflərlə yazılmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü, azadlığı və müstəqilliyi yolunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva 20 Yanvarın Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd etmişdir. Bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxan igid oğul və qızlarımız sovet ordusunun ağır hərbi texnikasının, təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq əsl qəhrəmanlıq göstərmişlər.
İnstitutun şöbə müdirləri Esmeralda Həsənova, Vilayət Cəfərov, Əkrəm Rəhimli, hüquq üzrə fəlsəfə doktoru Soltanəli Mirzəzadə Bakıda törədilmiş qanlı hadisələrdən uzun illər keçməsinə baxmayaraq, xalqımızın o müdhiş gecəni daim xatırladığını vurğulamış, xatirələrini bölüşmüşlər. Sovet ordusunun qarşısına əliyalın, ürəklərindəki cəsarət və azadlıq eşqi ilə çıxan və mərdliklə şəhid olan həmvətənlərimizin qəhrəmanlıqlarını qeyd edən natiqlər institutun əməkdaşı Mənsur Əliyevin də həmin hadisələr zamanı yaralandığını yada salmışlar.
İnstitutun əməkdaşı Rəşid Quliyev şəhidlərin xatirəsinə həsr etdiyi “Qərənfil” şeirini oxumuşdur.