CƏMİYYƏT
ABŞ-da 2022-ci ilin qalibi seçilən ANAMA-nın minaaxtaran komandasının mükafatlandırma mərasimi olub VİDEO
Vaşinqton, 20 oktyabr, AZƏRTAC
ABŞ-nin humanitar minatəmizləmə sahəsində aparıcı qeyri-hökumət təşkilatlarından olan Marşal İrsi İnstitutu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) minaaxtaran it bələdçisi Kərimov Qoşqar və onun minaaxtaran iti “Tori”ni 2022-ci ilin ən yaxşı komandası elan edib.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, Mükafat Marşal İrsi İnstitutunun ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilmiş illik qala gecəsi və mükafatlandırma mərasimində sahiblərinə təqdim edilib. Bu məqsədlə ilin ən yaxşı komandası mükafatını almaq üçün ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladov, minaaxtaran it bələdçisi Kərimov Qoşqar və qurumun digər əməkdaşı Fikrət ƏIiyev Vaşinqtona səfər edib.
Mərasimdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Bonnie Denise Jenkins, ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladov və minaaxtaran it bələdçisi Kərimov Qoşqar çıxış edib. Çıxış edənlər Azərbaycanın üzləşdiyi mina problemi, humanitar minatəmizləmə sahəsində ölkəmizdə görülmüş işlər, habelə Azərbaycanla Marşal İrsi İnstitutu arasında humanitar minatəmizləmə sahəsindəki əməkdaşlıq barədə məlumat veriblər.
Tədbirin bədii hissəsində ABŞ-da yaşayan həmvətənimiz Məryəm Nəcəfzadə “Sarı Gəlin” musiqisi əsasında milli rəqsimizi ifa edib.
Məlumat üçün bildirək ki, Marşal İrsi İnstitutu Azərbaycanla 25 ildir uğurlu əməkdaşlıq edir. Bugünədək 60 minaaxtaran it ANAMA-ya ianə edilib. ANAMA Marşal İrsi İnstitutunun ən böyük benefisiarlarındandır. 2023-cü ilin yayınadək 15 minaaxtaran it agentliyə təhvil veriləcək və ANAMA-ya verilmiş itlərin ümumi sayı 75-ə çatacaq.
AZƏRTAC-ın Vaşinqton bürosu