REGİONLAR
Astaranın sitrus bağlarında feyxoa yığımına başlanılıb VİDEO
Astara, 22 oktyabr, İlkin Adıyev, AZƏRTAC
Bir neçə gündür Astara rayonunun sitrus bağlarında feyxoa yığımına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, feyxoa yığımı əsasən, şəxsi təsərrüfatlarda aparılır.
Rayon Statistika İdarəsindən verilən məlumata görə, Astarada mövcud olan 865 hektar feyxoa bağından 572 hektarı bar verir. Ötən il feyxoa bağlarından 6979 tona yaxın məhsul yığılıb. Hər hektardan 12 ton feyxoa əldə edilib.
Bu il bağlardan 8000 ton məhsulun yığılması gözlənilir. Hazırda isə sahələrdən 1925 ton məhsul tədarük olunub.
Rayonda sitrusçuluqla məşğul olan fermerlər və məhsul istehsalçıları bildirirlər ki, yay aylarında sitrus bitkiləri üçün hava şəraiti əlverişli olmasa da, bu il məhsuldarlıq keçən ilə nisbətən daha yüksəkdir.
Bir kiloqramı 1,50 - 2 manata satılan feyxoanın qiyməti hazırda 1 manata qədər düşüb. Buna səbəb isə Rusiya bazarlarına feyxoa məhsulunun ixrac olunmamasıdır.
Məhsul yığımı noyabrın ortalarına qədər davam edəcək.
Qeyd edək ki, feyxoa bitkisini becərmək o qədər də ağır zəhmət tələb etmədiyindən, Astarada bu meyvə ağacının əkininə maraq artıb. Onu hətta digər sitrus bitkiləri üçün yararlı olmayan torpaq sahələrində də əkmək mümkündür.