Silsilə oğurluqlar edən şəxs Qubada ələ keçdi VİDEO
Quba, 24 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində, Sumqayıtda və Xızıda baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Elnur Nöhbalayev saxlanılıb.
Həmin şəxsin Quba rayonu ərazisində mağazanın qapısını sındıraraq, oradan 100 manat pul, eləcə də 1000 manat dəyərində ərzaq və qeyri ərzaq məhsulları oğurladığı müəyyən edilib.
Araşdırmalar zamanı məlum olub ki, o, Sumqayıt şəhərində və Xızı rayonunda da müxtəlif vaxtlarda obyektlərə daxil olaraq oğurluq edib və zərərçəkmişlərə külli miqdarda ziyan vurub.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Elnur Nöhbalayevin barəsində həbs qətimkan tədbiri seçilib.