Laçın dəhlizinə və Şuşaya yolun açılmasında əhəmiyyətli olan Qubadlı döyüşləri VİDEO
Qubadlı şəhərinin işğaldan azad olunmasından iki il keçir
Qubadlı, 25 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsinin 29-cu günündə şanlı Azərbaycan Ordusu üçrəngli bayrağımızı işğaldan azad edilən Qubadlı şəhərində dalğalandırdı. Həmin tarixi Qələbənin ikinci ilində AZƏRTAC-ın bölgə müxbiri Qubadlı şəhərində Zəfər yürüşünün hərbçiləri ilə görüşüb, döyüş əməliyyatları barədə onlarla həmsöhbət olub. Müxbirimizin səfər qeydlərini təqdim edirik.
Səfərimiz Qubadlıya - Şərqi Zəngəzurun qərb sərhədində dağlıq ərazidə yerləşən Vətən torpaqlarınadır. Yolumuz isə 44 günlük Zəfər yürüşü zamanı azad edilən Cəbrayıl və Zəngilandan keçir. Hər iki rayonun azad edilməsi Qubadlıya gedən yolun açılmasına da əlverişli şərait yaratmışdı...
Nəhayət, bu yerləri azad edən hərbçilərlə birlikdə Qubadlıya çatırıq. Yol yoldaşı olduğumuz hərbçilər iki il öncə Qubadlıya avtomobil yolu ilə deyil, daş-kəsəkli yüksəkliklərlə irəliləyərək daxil olmuşdular. Qubadlı döyüşlərinin ən gərgin getdiyi əraziyə - Yazı düzünə yollanırıq. Hündürlükdə olan əraziyə qalxdıqca döyüş əməliyyatlarının niyə məhz həmin hissədə aparılmasının önəmini anlayırıq. Strateji mövqedə yerləşən bu yüksəkliyin digər özəlliyi isə Milli Qəhrəman polkovnik Şükür Həmidovun burada şəhadətə ucalmasıdır. Ş.Həmidov bu mövqe uğrunda gedən gərgin döyüşlərdə düşmənə qan uddurub. İndi həmin yerdə Milli Qəhrəmanımızın xatirəsini əbədiləşdirmək üçün abidə ucaldılıb, şanlı bayrağımız dalğalanır.
Hərbçilərimiz Qubadlı döyüşlərindən həvəslə danışırlar. Məlum olur ki, oktyabrın 25-də azad edilən Qubadlı şəhəri işğalçı qüvvələrin mühasirəyə salınması ilə gerçəkləşib. Qubadlının şərqində yerləşən Cəbrayılda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilanda qısa müddətdə aparılan uğurlu əməliyyatlar Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratmışdı.
Peşəkarlıqla və dəqiq döyüş taktikaları ilə aparılan hərbi əməliyyatlar zamanı Qubadlı şəhəri və kəndləri işğaldan azad edildi. Ən gərgin döyüşlərin getdiyi yerlərdən biri də məhz dayandığımız yüksəklik - Yazı düzü olub. Bölmələrimiz bu yerə Cəbrayıl rayonu istiqamətindən yarğanlar vasitəsi ilə irəliləyib və düşmənin 21 səngərini nəzarətə götürməklə, həm də Qubadlı şəhərinə nəzarəti ələ ala bilib. Digər bölmələrimiz isə Zəngilan istiqamətindən irəliləyərək Qubadlı və ətraf kəndləri işğaldan azad edib. Oktyabrın 23-də həmin hərbi əməliyyatlar nəticəsində ilk olaraq Alaqurşaq, Kürd Mahruzlu, Muğanlı və Zilanlı kəndləri ordumuzun nəzarətinə keçmişdi. Cəmi iki gün sonra - oktyabrın 25-də isə Qubadlı şəhəri, Çaytumas, Əfəndilər, Mollabürhan, Padar, Sarıyataq, Yusifbəyli və Xanlıq kəndləri işğalçılardan təmizləndi.
Döyüşlərin iştirakçısı leytenant Şamxal Hüseynov bildirir ki, düşmənin cəmləşdiyi Qubadlı şəhərinə iki istiqamətdən hücum olub: “Dayandığımız Yazı düzü ən strateji yüksəkliklərdən biri sayılır. Bölmələrimiz tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilən döyüş tapşırığı nəticəsində əvvəlcə şəhər ətrafında yüksəklikləri, daha sonra şəhəri işğalçılardan təmzilədik. Qubadlı əməliyyatı həm də Laçın dəhlizinə, eyni zamanda, Gorus-Qafan yoluna nəzarəti ələ almağa imkan verdi. Çünki Laçın dəhlizi düşmənin təminat yolu sayılırdı və erməni hərbi birləşmələri də bilirdi ki, Qubadlı strateji mövqedə yerləşir. Buna görə də onlar burada çox möhkəmlənmişdilər. Buna baxmayaraq, Azərbaycan Ordusu qarşıya qoyulan döyüş tapşırığını ruh yüksəkliyi ilə yerinə yetirərək Qubadlını azad etməklə, həm də Laçına gedən yolu açdı və düşmənin əsas dayaq məntəqələrini məhv etdi”.
Kapitan Qurban Novruzlu da Qubadlı istiqamətində gedən döyüşlərin iştirakçısıdır. Deyir ki, hücum tapşırığı səhər saatlarında başladı və bölmələrimiz düşmənə xeyli yaxınlaşaraq döyüşə başladı. “Qubadlı-Laçın yolunu nəzarətə götürməli və “833” yüksəkliyini tutmalı idik. Bu tapşırıq da uğurla icra edildi və düşmənin xeyli qüvvəsi zərərsizləşdirildi. Eyni zamanda, Zəngilan istiqamətində hücum nəticəsində düşmən tam mühasirəyə alındı. İtki verən düşmən qüvvələri silah-sursat və texnikalarını ataraq qaçmağa başladı. Xeyli qənimət götürdük. Bu uğurlu əməliyyat nəticəsində həm yüksəkliklər, həm Qubadlı şəhəri, həm də ətraf kəndlər ordumuzun nəzarətinə keçdi, eyni zamanda, Qubadlı-Laçın yolunu da bağlamağa müvəffəq olduq”, - deyən qalib Azərbaycan hərbçisi o günləri qürurla xatırlayır.
Gərgin döyüşlərin iştirakçılarından olan mayor İbrahim Əliyev isə bildirir ki, Qubadlı ərazisi dağlıq və strateji mövqe olduğu üçün ermənilər buradan çıxmaq istəmirdilər. Bu baxımdan Qubadlı rayonuna iki istiqamətdən təşkil olunan hücum çox önəmli idi. Onun sözlərinə görə, təkcə bu istiqamətdə düşmənin 21 səngəri vardı və güclü müqavimət göstərirdilər. Rəşadətli ordumuz düşmənin müqavimətini qıraraq bu yerləri, eləcə də Qubadlı şəhərini azad etdi. Əməliyyatın uğurla icrası nəticəsində Laçın dəhlizinə və Şuşa istiqamətinə gedən yol da açıldı.
İndi azad Vətən torpaqlarının keşiyində qalib Azərbaycan Ordusu dayanır. Vətəni müdafiə edən əsgərlərimiz üçün qısa zaman kəsiyində müasir tələbələrə cavab verən hərbi hissələr, silah-sursatla təminat və gündəlik təminat yüksək səviyyədə təşkil edilib. Vətənin keşiyində dayanan komandolarımız gündəlik rejimə uyğun olaraq idman, döyüş təlim tapşırığı yerinə yetirir. Yataqxana, yeməkxana binaları da müasir standartlara cavab verir, dayanıqlı istilik və enerji ilə təmin olunub. Həmçinin şəxsi heyətin hərbi hazırlığı üçün idman və təlimlə bərabər dərslər də təşkil edilir.
Artıq Qubadlı iki ildir ki, azaddır, burada həyat yenidən canlanır. Dövlətimiz tərəfindən işğaldan azad olunan digər rayonlar kimi, Qubadlıda da tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Şərqi Zəngəzurun qərb hüdudu olan Qubadlıda tikinti işləri plan üzrə aparılır. Elə bu günlərdə - oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış oldular, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoydular. Şəhər şimal (Kəlbəcər) və cənub (Zəngilan) xidmət, istehsalat şəbəkələrinin bağlantı nöqtəsi olmaqla, kənd təsərrüfatı, sənaye sahələrinin birgə inkişaf etdiriləcəyi, innovativ iş yerləri, bağçılıq imkanları üzrə tədris kampusuna malik, eləcə də su mənbələrinə həssas yanaşmaların təşəkkül tapdığı ekoloji dayanıqlı rayon mərkəzi kimi formalaşdırılacaq. Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır. Yaxın 20 illik perspektiv üçün Qubadlıda bitkiçilik və ekoloji kənd təsərrüfatı, balıqçılıq və balıqyetişdirmə, müasir sənətkarlıq, yüngül sənaye, təbiət əsaslı aqroturizm və digər sahələrin inkişafı planlaşdırılır. Beləliklə, şəhərin memarlıq simasının formalaşmasında müasir və ənənəvi elementlərin vəhdətindən istifadə ediləcək, yaşıl şəhər yaradılacaq.
İşğal və Zəfər muzeyləri kompleksi isə İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntılardan ibarət Memorial Parkdan ibarət olacaq. Kompleks təxminən 3 hektar ərazini əhatə edəcək. Bu muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətin və öz ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edərək əbədiləşdirən, haqq səsimizi dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaq.