SİYASƏT
Berlində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub VİDEO
Berlin, 28 dekabr, AZƏRTAC
Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə geniş tədbir təşkil olunub. Tədbirdə Almaniyadakı Azərbaycan və qardaş türk diasporunun nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib. Bu günün tarixi önəmindən bəhs edən diplomat xalqımızın həmrəyliyinin və birliyinin daim vacib olduğunu, iki il öncə torpaqlarımızın işğaldan azad olunmasının Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında məhz bu milli birlik və vəhdətin nəticəsində mümkün olduğunu söyləyib. Ərazi bütövlüyümüzə təhdidlərin hələ bitmədiyini söyləyən N.Ağayev bütün dünyada yaşayan soydaşlarımızın müstəqil və azad Azərbaycan Respublikasının ətrafında sıx birləşməsinin zəruriliyini qeyd edib.
Sonra tarda Əməkdar artist Sahib Paşazadə və digər musiqiçilərin müşayiəti ilə tanınmış müğənnilər İlkin Əhmədov, Güllü Muradova və Kamilə Nəbiyeva Azərbaycan musiqilərini ifa ediblər. Tədbir çərçivəsində “Ritm” rəqs qrupunun üzvləri Səid və Əzizə İbrahimlilər tərəfindən “Uzundərə”, “Naz eləmə” və “Yallı” rəqsləri ifa olunub və qonaqlar rəqsə dəvət olunublar.
Tədbirdə, həmçinin qiraət ustası Naibə Tural Azərbaycan şairləri Xəlil Rza Ulutürk, Məmməd Araz və Səməd Vurğunun Vətənlə bağlı şeirlərindən parçalar səsləndirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin