“Euronews” kanalında Azərbaycandakı palçıq vulkanlarına həsr olunmuş proqram yayımlanıb VİDEO
Bakı, 29 dekabr, AZƏRTAC
Avropanın məşhur “Euronews” kanalında Azərbaycanla bağlı yayımlanan silsilə filmlər çərçivəsində ölkəmizdəki palçıq vulkanlarına həsr olunmuş proqram yayımlanıb.
Telekanalın aparıcısı Monika Pinnanın müəllifi olduğu proqramda Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova ölkəmizdəki palçıq vulkanlarının morfoloji, izotop-kimyəvi xüsusiyyətləri, əmələgəlmə şəraiti və təsnifatına dair məlumatlar verib.
Bu barədə AZƏRTAC-a mərkəzin informasiya şöbəsindən məlumat verilib.
Bildirilib ki, şöbə müdiri çıxışında palçıq vulkanlarının ətraf mühitə təsiri və onun faydalı xüsusiyyətləri ilə bağlı da ətraflı açıqlama verib.
Həmçinin Azərbaycanda palçıq vulkanlarının seysmik stansiyalar vasitəsilə izlənməsi məqsədilə dünyada ilk dəfə olaraq Abşeron yarımadasındakı palçıq vulkanları ətrafında 12 seysmik stansiyanın quraşdırıldığı bildirilib.