XTNS-dəki “Azərbaycan” pavilyonunda Azərbaycan milli məhsullarının dequstasiyası olub VİDEO
Moskva, 7 noyabr, AZƏRTAC
Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda Azərbaycanda istehsal edilən məhsulların dequstasiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan” pavilyonunda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə təşkil edilən dequstasiya “Rusiya” Beynəlxalq sərgi-forumu çərçivəsində baş tutub.
Pavilyonun direktoru Səadət Qədirova AZƏRTAC-ın müxbirinə bildirib ki, tədbir 2024-cü ilin aprel ayına qədər davam edəcək “Rusiya” forumu çərçivəsində təşkil edilib. O qeyd edib: “Sərgi çərçivəsində bir neçə maraqlı təqdimatlarımız olacaq. Pavilyona gələnlər daim bizim milli məhsullara böyük maraq göstərirlər. Bu gün burada hər kəsin bəyəndiyi Azərbaycan mürəbbələrinin müxtəlif növləri, şərablar, qurudulmuş meyvələr təqdim edilir, həmçinin ətirli Azərbaycan çayının təqdimatı olub. Pavilyonumuzun gənc ziyarətçiləri üçün Azərbaycanın rəmzləri ilə bağlı suallardan ibarət maraqlı viktorina təşkil etmişik”.
Azərbaycan pavilyonunun ticarət evində ən yaxşı qurudulmuş meyvə və şirniyyat istehsalçılarının məhsullarından nümunələr təqdim olunur. Qonaqlar ənənəvi Azərbaycan çayından və mövsümi meyvə kompotlarından ləzzət ala, Şamaxı şəhərinin qərb hissəsinin məşhur üzüm bağlarında yetişdirilən məhsullardan alınmış orqanik şərabın dadına baxa bildilər. Ziyarətçilər, həmçinin viktorinada iştirak ediblər, qaliblərə “Azərbaycan” pavilyonundan xatirə hədiyyələri təqdim olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva