CƏMİYYƏT
Bakıda maraqlı aksiya - “Böyük Qayıdış arzuları” VİDEO
Bakı, 11 dekabr, AZƏRTAC
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı parlaq Zəfər xalqımızın qürur mənbəyi, müstəqil dövlətçiliyimizin tarixi nailiyyətidir. Otuz ilə yaxın işğal altında saxlanılmış ərazilərimiz bu Qələbə nəticəsində azad edilib, hazırda orada geniş bərpa-quruculuq işləri başlayıb, məcburi köçkünlərin geri qayıdışı üçün imkan yaranıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Müdafiə Nazirliyinin dəstəyi ilə Bakıda bir neçə ictimai məkanda “Böyük Qayıdış arzuları” adlı sosial aksiya təşkil edib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, aksiya iştirakçılarına kiçikölçülü standart kağız parçalarına ürək sözlərini yazaraq, həmin məkanlarda quraşdırılmış iri lövhədəki yumruq təsvirinin üzərinə yapışdırmaq təklif olunub. Aksiyaya qoşulanlar Vətən müharibəsində qazanılan böyük Zəfər, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi, orada aparılan bərpa-quruculuq işləri, doğma yurda qayıdış, ümumən, Azərbaycanın bu günü və sabahı ilə bağlı arzularını yazaraq lövhəyə yapışdırıblar. Lövhənin yanında Azərbaycan Ordusunun dörd hərbçisi fəxri qarovulda dayanıb.
Aksiyada iştirak edən ziyalılar, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimai fəallar və vətəndaşlar arzu və istəklərini bildirib, lövhənin önündə qəhrəman Ordumuzun əsgərləri ilə şəkil çəkdiriblər.