28 May – Respublika Günü Aktauda da qeyd edilib
Aktau, 27 may, AZƏRTAC
Azərbaycanın milli bayramı - Respublika Günü ilə əlaqədar daha bir rəsmi qəbul Aktau şəhərində keçirilib. Ölkəmizin Aktaudakı baş konsulluğu tərəfindən təşkil edilən qəbuldan əvvəl tədbirin keçirildiyi otelin foyesində və zalında “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı olub və bununla bağlı videofilmlər göstərilib.
Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səsləndirildikdən sonra baş konsul Rəşad Məmmədov müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, sovetlər birliyi süqut edəndən sonra ölkəmizin dövlət müstəqilliyini bərpa etməsindən danışıb. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət nəticəsində ölkəmizin müstəqilliyinin möhkəmlənməsindən, qazanılan uğurlardan bəhs edib. Diplomat, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyada sürətlə inkişaf etməsindən və Qafqaz regionunda lider ölkəyə çevrilməsindən danışıb. R.Məmmədov çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması istiqamətində Azərbaycan dövlətinin atdığı addımlar və rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyi haqqında da məlumat verib.
Manqistau vilayət akimi (qubernatoru) Alik Serikoviç Aydarbayev rəsmi qəbulda çıxış edərək Azərbaycan və Qazaxıstan arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin uzaqgörən siyasətləri nəticəsində qurulduğunu söyləyib. O, əlaqələrimizin bu gün də Azərbaycanın və Qazaxıstanın dövlət başçıları tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirin sonunda Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında, mədəniyyətimizin Qazaxıstanda təbliğində, diasporumuzun işində və həmçinin baş konsulluqla əməkdaşlıqda göstərdiyi fəaliyyətə görə 30-a yaxın dövlət qurumu və qeyri-hökumət təşkilatının əməkdaşları, təhsil və mədəniyyət işçiləri, Azərbaycan diasporunun nümayəndələri baş konsulluğun təşəkkür məktubları, fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif olunublar.
Tədbir çərçivəsində, həmçinin baş konsulluq tərəfindən Aktau şəhərinin 6 nömrəli orta məktəb şagirdləri arasında keçirilən və Azərbaycan-Qazaxıstan dostluğuna həsr olunan rəsm müsabiqəsinin iştirakçılarının əl işlərindən ibarət sərgi keçirilib.
Qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub, rəqs kollektivinin ifasında Azərbaycan rəqsləri nümayiş etdirilib.
Qəbulda Manqistau vilayət akimliyinin (qubernatorluğunun) rəsmiləri, xarici ölkələrin Aktaudakı baş konsulları, şəhər ictimaiyyətinin nümayəndələri, Manqistauda fəaliyyət göstərən xarici şirkətlərin rəhbərləri, vilayətdə həmyerlilərimizdən ibarət “Dostluq” milli-mədəni cəmiyyətinin, digər xalqların milli-mədəni cəmiyyətlərinin üzvləri, KİV nümayəndələri iştirak ediblər.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau