SİYASƏT
28 May - Respublika Günü Cakartada qeyd edilib
Cakarta, 29 may, AZƏRTAC
28 May - Respublika Günü münasibəti ilə Azərbaycanın İndoneziyadakı səfirliyi Cakartada rəsmi qəbul təşkil edib.
Tədbirdə İndoneziyanın dövlət və hökumət qrumlarının nümayəndələri, diplomatik korpusun rəhbərləri, bəzi QHT-lərin və KİV-lərin nümayəndələri, iş adamları, Azərbaycan diasporunun üzvləri və digər qonaqlar iştirak ediblər.
Səfir Tamerlan Qarayevin Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə məlumat verib. Bildirib ki, bu gün xalqımız 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın ildönümünü qeyd edir. Müstəqilliyin bərpasının ilk dövrlərində hərbi təcavüzə məruz qalmasına, bunun nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkünün olmasına və iqtisadiyyatın tamamilə çökməsinə baxmayaq, Azərbaycan inkişaf etməyi bacardı. Hazırda bütün göstəricilərə görə regionda lider dövlətə çevrilən Azərbaycan beynəlxalq aləmə inteqrasiya yolunu seçib. Bu istiqamətdə Azərbaycanın qazandığı uğurlardan danışan səfir bir neçə gündən sonra Bakıda birinci Avropa Oyunlarının başlayacağını, 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarının ölkəmizdə keçirilicəyini bildirib və qonaqları bu möhtəşəm tədbirlərə dəvət edib.
Azərbaycan - İndoneziya əlaqələri barədə məlumat verən diplomat, ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Qeyd edib ki, hazırda illik dövriyyəsi 2,5 milyard ABŞ dolları olan ticari-iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Tədbirdə çıxış edən İndoneziyanın iqtisadi məsələlər üzrə əlaqələndirici naziri Sofyan Cəlil ikitərəfli əlaqələrin inkişafı ilə bağlı gələcək plan və layihələrdən danışıb, Azərbaycan xalqını bayram münasibətilə təbrik edib.
Rəsmi mərasimdən sonra iştirakçılara Azərbaycanın milli xörəkləri və şirniyyatlarından ibarət ziyafət verilib.
İştirakçılara Azərbaycan haqında müxtəlif nəşrlər, həmçinin İRS jurnalının ingilis və İndoneziya dillərinə tərcümə olunmuş versiyaları paylanılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta