Hüseyn İşıksal: İslamofobiyaya qarşı kollektiv mübarizə apararaq onun öhdəsindən gələ bilərik VİDEO
Bakı, 9 mart, AZƏRTAC
Avropada müsəlmanlar cəmiyyətdə öz yerlərini tutmağa və görünməyə başlayanda islamofobiya daha bariz şəkildə büruzə verilir. Əvvəllər orada müsəlmanlar yerli əhalinin görmək istəmədiyi işlərdə çalışırdılar. İndi gənc müsəlman nəsli daha vizual, keyfiyyətli işlərə daxil olduqda islamofobiya hallarının artığını görürük.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin beynəlxalq əlaqələr və diplomatiya üzrə xüsusi müşaviri, professor Hüseyn İşıksal Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində keçirilən “Qeyri-müsəlman ölkələrində İslam mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi aktları” mövzusunda aralıq sessiyada deyib.
O bildirib ki, islamofobiyaya qarşı birgə, kollektiv mübarizə apararaq onun öhdəsindən gəlmək olar. Tarix boyu islamofobiya halları yaşanıb. Bəlkə də o zaman buna islamofobiya adı verilməmişdi, amma faktiki olaraq belə vəziyyətlər var idi.
“Müsəlman və türk olmaq ağır yükdür, bunu da qaldırmaq lazımdır”, - deyə Hüseyn İşıksal vurğulayıb.