2 APREL
1993-cü il. Kəlbəcər rayonu Ermənistan təcavüzkar qüvvələri tərəfindən işğal olunub. Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb. İşğal nəticəsində rayonun 61 min sakini didərgin düşüb, onlarla tarixi-mədəniyyət abidəsi, muzey, "İstisu" sanatoriyası Ermənistan silahlı qüvvələri tərəfindən xarabazara çevrilib.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib, qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

1992-ci il. Azərbaycan Respublikası Çin Xalq Respublikası, Danimarka və Yunanıstanla diplomatik münasibətlər qurub.

2014-ci il. Prezidentin Sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilib.

2011-ci il. Azərbaycanın “Azərreyl” voleybol klubu Çellenc Kubokunu qazanıb.

1854-cü il. Dramaturq Nəcəf bəy Vəzirovun doğum günü (1854-1926). O, “Müsibəti-Fəxrəddin” əsəri ilə Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub. “Daldan atılan daş topuğa dəyər", "Sonrakı peşmançılıq fayda verməz", "Adı var, özü yox", "Yağışdan çıxdıq, yağmura düşdük" və başqa əsərləri ilə Azərbaycan dramaturgiyasına yeni nəfəs gətirib.

1805-ci il. Danimarkalı məşhur nağılçı Hans Kristian Andersenin doğum günü (1805-1875). 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası (International Board on Books for Young People - IBBY) tərəfindən onun dünyaya gəldiyi gün Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib.