“Ünvanlı yardım” elektron sistemi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yenidən qurulub VİDEO
Bakı, 3 iyun, AZƏRTAC
Ünvanlı sosial yardım proqramına müraciət prosedurunun daha da təkmilləşdirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Ünvanlı yardım” elektron sistemi yenidən qurulub.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bu gün keçirilən brifinqdə deyib.
H.Məmişov bildirib ki, bundan sonra ünvanlı yardım üçün müraciət edən şəxslərdən ailə üzvlərinin pensiya, müavinət, təqaüd, kompensasiya, işsizlikdən sığorta ödənişi almaları, əməkhaqqı üzrə gəlirlər, tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi xidmətdə olmaları, daşınmaz əmlakı, torpaq pay mülkiyyəti, sahibkarlıq fəaliyyəti, nəqliyyat vasitəsinin olması, kommunal xərcləri, telefon nömrələri və xərcləri, sərhədkeçməsi, cəzaçəkmə müəssisəsində olması, əlilliyinin olması, əlilliyi olan şəxsə qulluq etməsi, özünüməşğulluq proqramı üzrə müqavilənin olması, 3 yaşadək uşağa qulluq etməsi, buna, habelə hamiləlik və doğuma görə məzuniyyətlə əlaqədar ödənişlər alması kimi məlumatların qeyd edilməsi tələb olunmayacaq. Bu məlumatlar müvafiq qurumların informasiya sistemlərindən əldə olunacaq.