Xətai rayonunda 11 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb VİDEO



Bakı, 4 iyun, AZƏRTAC
Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlər nəticəsində paytaxt sakinləri Osman Məmmədov, Şəmsəddin Abdullayev və Elşən Əskərov saxlanılıb. Onlardan 11 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və metamfetamin aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hər üç şəxs narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməli imişlər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Həmçinin Xətai rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı son bir ay ərzində keçirilən tədbirlərlə 57 fakt qeydə alınıb. Qanunsuz dövriyyədən 34 kiloqram narkotik vasitə və psixotrop maddələr çıxarılıb.