Qırğızıstan nümayəndə heyəti Ermənistanın törətdiyi vandalizm aktları barədə məlumatlandırılıb - YENİLƏNİB VİDEO
Füzuli, 5 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qırğız RespublikasıJoqorku Keneşinin sədri Nurlanbek Şakievin rəhbərlik etdiyi nümayəndə heyəti Füzuli rayonunda erməni vandalizminin izləri və işğaldan azad edilən ərazilərdə tikinti-quruculuq işləri ilə tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyətini Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşı Eldar Seyidov və digər şəxslər qarşılayıblar.
Nümayəndə heyəti əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub. Qonaqlar sonra Füzuli şəhərinə gəliblər. Onlar 30 illik işğal zamanı Ermənistanın Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları barədə məlumatlandırılıblar. Bildirilib ki, erməni vandalları işğal etdikləri digər şəhər və kəndlər kimi, Füzuli şəhərini də talayıb və Yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib.
Həmçinin qonaqlara işğaldan azad edilən Füzuli şəhərində Baş plana uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verilib. İşğaldan azad olunan ərazilərdə görülən genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində Füzuli şəhərində ilk yaşayış məhəlləsinin inşasının yekunlaşdığı və keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışının başlandığı bildirilib.
Nümayəndə heyəti sonra Şuşaya yola düşüb.
12:05
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakievin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 5-də Füzuli rayonuna gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqları Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşı Eldar Seyidov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər zamanı qonaqlar Ermənistanın 30 ilə yaxın işğal altında saxladıqları Füzuli şəhərində törədilmiş dağıntılarla, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.
Qonaqları Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, ölkəmizin Qırğızıstandakı səfiri Lətif Qəndilov və digər rəsmi şəxslər müşayiət edirlər.