Nərimanov rayonunda sifarişlə quldurluq edərək 61 min manatdan çox pul ələ keçirən şəxslər tutulublar VİDEO
Bakı, 11 iyun, AZƏRTAC
Paytaxtın Nərimanov rayonunda quldurluq hadisəsi törədilib.
Bakı şəhər sakini olan bir nəfər yaşadığı binadan həyətə düşən zaman qara maskalı naməlum şəxs ona hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və zərərçəkmişin əlindəki içərisində 61500 manat pul olan sellofan paketi götürərək hadisə yerindən uzaqlaşıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayon polis idarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Cavad Allahverdiyev saxlanılıb. Həmin şəxs ifadəsində cinayəti tanışı-əvvəllər məhkum olunmuş 1955-ci il təvəllüdlü Rəfael Tağızadənin sifarişi ilə törətdiyini bildirib. Əlavə əməliyyat tədbirləri nəticəsində həmin şəxsin də saxlanılması təmin edilib. Onlardan cinayət yolu ilə əldə etdikləri 32 min 500 manat aşkarlanaraq maddi sübut kimi götürülüb.
Araşdırmalar nəticəsində müəyyənləşdirilib ki, Rəfael Tağızadə zərərçəkmişlə cəzaçəkmə müəssisəsində olanda tanış olub və onda külli miqdarda pul olacağını əvvəlcədən bilib. Bundan sonra o, tanışı Cavad Allahverdiyevə həmin cinayəti törətməyi sifariş edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cavad Allahverdiyev və Rəfael Tağızadənin barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.