Lvovda minlərlə insana işıq bəxş edən məkan: Akademik Zərifə Əliyeva adına Oftalmoloji Mərkəz VİDEO
Lvov, 12 iyun, AZƏRTAC
Ukraynanın Qərb giriş qapısı sayılan Lvov şəhərində Azərbaycanın uğurlu layihələrindən biri də 1 saylı Şəhər Klinik Xəstəxanasının Poliklinikasında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzdir.
2017-ci ilin dekabrında açılışı olan mərkəz üçün ən müasir tibbi avadanlıqlar alınıb, yüksək səviyyədə təmir işləri aparılıb. Buraya gələn pasiyentlərin dəqiq diaqnostik müayinəsi və müalicəsi üçün hərtərəfli şərait yaradılıb.
Ukraynanın İrpen şəhərindən sonra Lvovda Zərifə Əliyevanın adının əbədiləşdirilməsi böyük hadisədir.
Artıq yeddi ilə yaxındır fəaliyyət göstərən bu Oftalmoloji Mərkəz minlərlə insana işıq, həyat bəxş edib. Onu da qeyd edək ki, Lvov vilayətində qeydə alınan xəstəliyin 10 faizi göz xəstəliklərinin payına düşür. Bu baxımdan müasir tibbi avadanlıqla təchiz olunmuş Zərifə Əliyeva adına Oftalmoloji Mərkəz lvovlular üçün böyük əhəmiyyətə malikdir.
Mərkəzdə gözdən əlil uşaqların, veteranların müayinəsi pulsuz aparılır.
Poliklinikanın həkimi Oksana Petrovna AZƏRTAC-a açıqlamasında Lvovda göz xəstəliklərinin müasir müayinəsi üçün göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib. O qeyd edib ki, akademik Zərifə Əliyeva adına Oftalmoloji Mərkəz çoxlu sayda insanlar müayinə olunur və müalicə alır.
AZƏRTAC akademik Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzlə bağlı videomaterialı təqdim edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev