33 ildən sonra Horovluda başlayan yeni həyat – Verdiyevlər ailəsinin qayıdış hekayəsi
Cəbrayıl, 2 sentyabr, AZƏRTAC
İşğaldan azad olunmuş Cəbrayıl rayonunun Horovlu kəndində yay səhəridir. Kəndə daxil olarkən müasir yaşayış məskəni diqqəti cəlb edir. Yenidən qurulan Horovluda müasir evlər, abad küçə və yollar, yaradılan infrastruktur kəndin simasını tamamilə dəyişib. Artıq burada yüzlərlə ailə məskunlaşıb. Həmin ailələrdən biri də Verdiyevlərdir.
AZƏRTAC-ın bölgə müxbiri Verdiyevlər ailəsinin qonağı olub, onların illər ərzində çəkdikləri yurd həsrəti və doğma torpağa qayıdış sevincini dinləyib.
Ailənin həyətində çay süfrəsi açılır. Süfrəyə çay və şirniyyatlar gətirilir. Əvvəlcə baba və nəvələr bir araya gəlir. Ardınca bütün ailə süfrə başına toplaşır. Doğma yurda qayıdışın sevincini yaşayan Verdiyevlər ailəsi yeni həyatını burada davam etdirir.
Ailə başçısı Nazim Verdiyev 1973-cü ildə Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Gənclik illərinə qədər burada yaşayan Nazim 33 illik məcburi köçkünlük dövründə doğma kəndinə qayıdacağı günü gözləyib. O deyir ki, uşaqlıq və yeniyetməlik illərinin keçdiyi Horovlunun hər qarışı onun üçün bir xatirədir: “Bizim uşaqlıq və yeniyetmə çağlarımız Horovluda keçib. Qarış-qarış gəzmişik bu yerləri. Horovlunun hər qarışında, hər dərəsində bir xatirəm var. 33 il Horovlunun həsrətini çəkmək çox ağır olsa da, hər zaman bu yerlərə qayıtmaq ümidi ilə yaşamışam”.

“Bir vaxtlar yarımçıq qalan işimizi övladlarımız tamamladı”
Nazim Verdiyev orta məktəbi bitirdiyi illərdə başlayan Birinci Qarabağ müharibəsinin onun həyatında da mühüm iz buraxdığını bildirir. Ali təhsil almaq arzusu olsa da, həmin dövrdə torpaqların müdafiəsini özünün əsas vəzifəsi hesab edib və döyüşlərə qoşulub.
“Arzum məktəbi bitirdikdən sonra ali təhsil almaq idi. Amma Vətənin dar günündə mənim üçün əsas olan torpaqlarımızın qorunması idi. Mən də döyüşlərə qoşuldum. Azərbaycanın ilk əsgərlərindən biri oldum. Çox ağır günlər idi. Bu yerlərin dağında, dərəsində döyüşlərimiz olub. Qeyri-bərabər qüvvə ilə döyüşürdük. Çox gözəl qardaşlar, dostlar bu torpaqlar uğrunda şəhid oldular. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”, - deyə o əlavə edir.
Həmsöhbətim torpaqların azad olunması ilə bağlı arzularının illər sonra gerçəkləşdiyini, vaxtilə yarımçıq qalan mübarizənin yeni nəsil tərəfindən başa çatdırıldığını deyir: “Bir vaxtlar bizim yarımçıq qalan işimizi elə bizim övladlarımız tamamladı. Biz bu kənddən çıxanda atam, anam, altı qardaş, üç bacı getmişdik. Həmin vaxt subay idim. Amma indi həyat yoldaşım, iki övladım və üç nəvəmlə birlikdə Horovluya qayıtmışam”.
Nazim Verdiyev ailəsi ilə birlikdə 2026-cı ilin fevralında Horovluya qayıdıb. Məcburi köçkünlük illərində valideynlərini və iki qardaşını itirdiyini deyən müsahibim artıq ağrı-acılı günlərin geridə qaldığını, doğma kəndə qayıdışın onun üçün yeni həyatın başlanğıcı olduğunu vurğulayır: “Bura gələn andan sanki yeni həyat başlayıb. Dövlətimiz sağ olsun, Horovlu indi əvvəlkindən də gözəldir. Abad, müasir kəndə çevrilib. Gözəl evlər inşa edilib”.
Doğma yurda qayıtdıqdan sonra ailə əvvəlki ənənələrini də davam etdirir. Həyətyanı sahədə meyvə ağacları əkilir, bostan tərəvəzləri becərilir.

“Horovlunun Horovlusuz gəlini idim”
Verdiyevlər ailəsinin digər üzvü Cəmalə xanım 1975-ci ildə Cəbrayıl rayonunun Karxulu kəndində anadan olub. O da doğma yurdundan məcburi köçkün düşüb. Sonralar Nazim Verdiyevlə ailə həyatı qurub və uzun illər Cəbrayıl həsrəti ilə yaşayıblar.
“Horovlunun Horovlusuz gəlini idim. İndi Horovluda olmaq, burada yaşamaq daha qürurvericidir. Şükür bu günlərə, illərin həsrəti bitib bizim üçün. Doğma Cəbrayılımızda yeni həyata başlamışıq”, - deyən Cəmalə Verdiyeva bildirir ki, məcburi köçkünlük illərində doğma yurda qayıdacaqları günə inamlarını daim qoruyublar: “Hər ikimiz Cəbrayıl həsrəti ilə yaşayırdıq və inanırdıq ki, bir gün bu yerlərə qayıdacağıq. İndi həmin arzuladığımız günləri yaşayırıq. Hər gün burada səhər açılanda şükür edirəm. Havası təmiz, suyu təmiz, kənddə yaşamaq çox gözəl duyğudur”.
Verdiyevlər ailəsi üçotaqlı evlə təmin olunub. Kənddə qaz, elektrik enerjisi, içməli su xətləri çəkilib, digər kommunal xidmətlər yaradılıb.
“33 il də az müddət deyil. Biz həmin illəri Bakıda yaşamışıq. Amma o qədər Vətən həsrəti çəkmişdik ki, bu yerə qayıdandan sonra başqa heç yerə getmək istəmirik. İndi bir vaxtlar bizim yarımçıq qalan arzularımızı burada nəinki övladlarımız, hətta nəvələrimiz davam etdirəcək”, - deyə o bildirir.

Horovluda quruculuq və yeni infrastruktur
Horovlu kəndinin ümumi sahəsi 248 hektardır. Birinci mərhələdə Azərbaycan dövləti tərəfindən 94 hektar ərazidə 334 fərdi ev inşa edilib. İki, üç, dörd və beşotaqlı evlər müasir kommunikasiya şəbəkələri ilə təmin olunub. Yaşayış evlərinə su, elektrik enerjisi, qaz və yüksəksürətli internet çəkilib, Günəş panelləri quraşdırılıb. Kənddaxili yollara asfalt örtüyü salınıb.
Kənddə 624 şagird yerlik məktəb binası, 220 yerlik körpələr evi-uşaq bağçası, ikimərtəbəli inzibati bina, bazar kompleksi, çoxfunksiyalı iaşə obyektləri, tibb məntəqəsi və idman-sağlamlıq mərkəzi də inşa olunub.
Horovlunun tarixi simvollarından olan kəhrizlər də bərpa edilib. Kənddə tarixən istifadə olunmuş və işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri yenidən istifadəyə verilib.
Bundan başqa, 4,4 hektar ərazidə park kompleksi yaradılıb. Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. Ümumilikdə 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib.
Beləliklə, vaxtilə sakinlərinin həsrətlə xatırladığı Horovlu bu gün müasir infrastruktura malik yaşayış məskəninə çevrilib. Doğma yurda qayıdan ailələr burada yeni həyatlarını qurur, kəndin sosial və iqtisadi həyatının yenidən canlanmasına öz töhfələrini verirlər.
Müxbir - Aydın Yavərzadə