Naxçıvan şəhərindəki “Təbriz” hotelində yanğın-taktiki təlim keçirilib VİDEO
Naxçıvan, 4 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən “Təbriz” hotelində “Kütləvi insan cəmləşən mehmanxana və hotellərdə ehtimal olunan fövqəladə hallar, fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda yanğın-taktiki təlim keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təlimin keçirilməsində məqsəd hoteldə baş verə biləcək yanğınlarla mübarizə üzrə şəxsi heyətin praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi, habelə hotel personalının yanğınlar zamanı ilkin davranış qaydaları barədə bilik və bacarıqlarının artırılması olub.
Təlim iki hissədən (nəzəri və praktiki) ibarət olub.
Nəzəri hissədə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən hotelin işçi heyətinə baş verə biləcək fövqəladə hal zamanı davranış qaydaları və atılacaq ilkin zəruri addımlar barədə maarifləndirici məlumatlar verilib, yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları ətraflı izah edilib.
Təlimin praktiki hissəsində isə hotel personalı yanğınsöndürən və xilasedicilərlə birgə hoteldə şərti olaraq baş verən “yanğın” qısa müddətdə “söndürülüb”, “zərərçəkmişlərin təxliyəsi həyata keçirilib”.
Sonda təlimin nəticələri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.