FAO nümayəndəsi: İstehsalçılar kimyəvi maddələrdən istifadə etməyə meyillidirlər VİDEO
Bakı, 4 iyun, AZƏRTAC
Akvakultura təmiz sularda həyata keçirilsə, yetişdirilən heyvanlar da sağlam olur. Əsas diqqət balıqçılıq məhsullarının emal prosesinin düzgün aparılmasına yönəlməlidir. Akvakultura bir qədər fərqli sahədir. Balıqlar və ya digər su heyvanları az ərazidə və yaxud az miqdarda suda çox sayda saxlanılır, böyüdülür. Bu isə müxtəlif xəstəliklərin yaranmasına və yayılmasına səbəb olur.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) balıqçılıq və akvakultura üzrə beynəlxalq məsləhətçisi Tomas Aşley Şipton “Ümumdünya Qida Təhlükəsizliyi Günü: Elm fəaliyyətdədir” mövzusunda keçirilən konfrans çərçivəsində təşkil olunan "Qida sistemlərinin rolu: insan, heyvan və ətraf mühit sağlamlığının inteqrasiyası" adlı paneldə bildirib.
FAO nümayəndəsi istehsalçıların kimyəvi maddələrdən istifadə etməyə meyilli olduğunu diqqətə çatdırıb: "Nəticədə qida emalı zamanı son məhsulun çirklənmə riski olduqca yüksək olur. Məsələn, bakteriyalarla bağlı problemlər müşahidə edilir. Bu bakteriyaların bəziləri suyun özündə, yəni su təsərrüfata daxil olan zaman onunla birlikdə ola bilər. Digərləri isə insanlardan və yaxud materiallardan təsərrüfata daxil olur. Virusların da problemlərə səbəb olması mümkündür. Hazırda akvakultura sahəsində əsas məsələlərdən biri kimyəvi maddələrin, xüsusilə antibiotiklərin istifadəsi, bunun ətraf mühit üçün yaratdığı problemlərdir. Biz akvakulturada antibiotik istifadəsini xeyli azaltmışıq və bu sahədə irəliləmişik. Amma düşünürəm ki, xüsusilə sistemlərini sürətlə inkişaf etdirməyə çalışan ölkələrdə düzgün hüquqi çərçivə olmadıqda, fermerlər antibiotikləri hər şey üçün universal həll kimi istifadə etməyə meylli olurlar. Qlobal miqyasda akvakultura və balıqçılıq sektoru sürətlə inkişaf edir, amma əsas məsələ bu sektorda sağlam məhsuldur", - deyə FAO nümayəndəsi vurğulayıb.