Komitə: Azad edilmiş ərazilərin 13,5 min kvadratkilometrində eyni vaxtda genişmiqyaslı tikinti işləri həyata keçirilir VİDEO
Bakı, 14 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqları işğaldan tam azad edilib, dövlətimizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Bu dövrdə tikinti sektoru ölkə iqtisadiyyatının və ümumi inkişafın lokomotivinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov 30-cu Xəzər İnşaat Həftəsinin açılış mərasimində çıxışı zamanı söyləyib.
O bildirib ki, Bakı, Sumqayıt, Gəncə və digər böyük şəhərlərlə yanaşı, regionlarda da tikinti və abadlıq işləri geniş vüsət alır.
“Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri tarixi miqyas daşıyır. İlk dəfə 13,5 min kvadratkilometr ərazidə, eyni vaxtda genişmiqyaslı tikinti və infrastruktur layihələri həyata keçirilir. Bu proses planlaşdırılmış və sistemli şəkildə icra olunur. Hazırda altı şəhər və 28 yaşayış məntəqəsində məcburi köçkünlərin bir hissəsi doğma yurdlarına qayıdıb, orada yaşayır və məskunlaşıblar. Artıq 50 mindən çox sakin Qarabağda yaşayır, işləyir və təhsil alır. Bu, qısa müddətdə əldə olunmuş ən parlaq nəticələrdən biridir. Tikinti işləri çoxşaxəlidir. Mülki və yaşayış binaları ilə yanaşı, infrastruktur obyektləri, yollar, tunellər, hidrotexniki qurğular, meliorasiya sistemləri və digər mühüm obyektlər inşa olunur. Ərazilərin bərpası ilə yanaşı, mədəni irs abidələrinin qorunması və bərpası da xüsusi diqqət mərkəzindədir”, - deyə sədr müavini əlavə edib.