Qazaxda “Biz birlikdə güclüyük” şüarı ilə veloyürüş keçirilib VİDEO
Qazax, 22 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Qazax rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Biz birlikdə güclüyük” şüarı ilə veloyürüş təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, veloyürüş Qazax Rayon İcra Hakimiyyəti, Qazax–Tovuz Regional Gənclər və İdman İdarəsi və “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə rayon məktəbliləri və gənclərin iştirakı ilə keçirilib.
Yetmişə yaxın iştirakçı qoruğun dünya əhəmiyyətli abidəsi olan Damcılı mağara düşərgəsinə 5 kilometr məsafədə yol qət edib.
Veloyürüş zamanı iştirakçılar Qazax rayonunun Daş Salahlı kəndində yerləşən Şəhidlər xiyabanını da ziyarət ediblər.
İştirakçılara qoruğun “Damcılı” filialında slaydlar vasitəsilə ətraflı məlumat təqdim edilib, qoruq ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri nümayiş olunub. Tədbirin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.