3 APREL
2009-cu il. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu”nun yaradılması haqqında Fərman imzalayıb. Fondun əsas məqsədi Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri və digər tədbirləri maliyyələşdirməkdir.

1908-ci il. Görkəmli Azərbaycan filosofu, SSRİ dövlət mükafatı laureatı Heydər Hüseynovun doğum günü (1908-1950). Onun “XIX əsrdə Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrin tarixi haqqında" fundamental əsəri ölümündən bir qədər əvvəl - 1950-ci ilin mart ayında daha bir Stalin mükafatına layiq görülüb. Bununla belə, respublika rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalan H.Hüseynov müridizmin və sufizmin təbliğində təqsirləndirilib: Stalin mükafatlarından məhrum olunub, kommunist partiyasından çıxarılıb, Elmlər Akademiyasındakı vəzifələrindən uzaqlaşdırılıb. Təzyiqlərə dözməyən və həbs edilmək təhlükəsi ilə üzləşən filosof 1950-ci il avqustun 15-də damarlarını kəsərək intihar edib.

2015-ci il. Türk pop müğənnisi və bəstəkarı Kayahan Açar uzunsürən xəstəlikdən sonra vəfat edib (1949-2015). O, “Canımın yarpakları”, “Emrin olur”, “Gönül sayfam”, “Ne oldu can” və digər albomlarındakı bir-birindən gözəl mahnıları ilə yüz minlərlə insanın sevgisini qazanıb.

1906-cı il. Fransız Lui və Ogüst Lümyer qardaşları rəngli fotoşəkil icad ediblər.