Ukraynalı ekspert: Münxendə Azərbaycan ilə Ukrayna arasında yeni layihələrin hazırlanması müzakirə edilib VİDEO
Kiyev, 15 fevral, AZƏRTAC
Ənənəvi olaraq, son illərdə Münxen Təhlükəsizlik Konfransı əsas siyasi forumlardan birinə çevrilib. Bu il Münxendə bir çox mühüm tədbir, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilib. Bu görüşdə bir çox məsələ, iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Ukraynalı ekspert İvan Us bu fikri AZƏRTAC-a verdiyi şərhdə bildirib.
Onun sözlərinə görə, digər məsələlərlə yanaşı, bu forumda Ukrayna və Azərbaycan liderləri Rusiyanın Ukraynaya hücumları ilə bağlı məsələləri müzakirə ediblər.
“Prezident Əliyev qeyd edib ki, Azərbaycanın SOCAR şirkətinin aktivlərinə ən azı üç dəfə hücum edilib və Ukraynadakı Azərbaycan səfirliyinə ciddi ziyan dəyib. O, Rusiyanın Ukraynaya qarşı müharibəsinin digər ölkələrə də tədricən təsir etdiyini vurğulayıb. Azərbaycan həm SOCAR şirkətinin aktivləri, həm də səfirlik binasına dəyən ziyan səbəbindən çox ciddi zərər çəkib.
Bununla yanaşı, Ukrayna və Azərbaycan konfrans çərçivəsində əməkdaşlıq və yaxın gələcəkdə həyata keçiriləcək layihələrin inkişaf etdirilməsi potensialını müzakirə ediblər”, - deyə İvan Us vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev