Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları ilə əlaqədar təlim keçirilib VİDEO
Bakı, 16 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda praktiki təlim keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər tərəfindən şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobildən “zərərçəkmişlər” xilas edilərək onlara “təxirəsalınmaz ilkin yardım” göstərilib.
Uğurla keçirilmiş təlimin yekununda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.