Anna Soave: Şəhərlərin gələcəyi üçün çoxtərəfli əməkdaşlıq mühüm əhəmiyyət daşıyır VİDEO
Bakı, 18 may, AZƏRTAC
Şəhərlər urbanizasiya və iqlim dəyişiklikləri ilə bağlı çağırışların ön xəttində dayanır və bu problemlərin həlli üçün yerli idarəetmə qurumları, vətəndaş cəmiyyəti, özəl sektor və digər tərəflər arasında daha güclü əməkdaşlıq mexanizmləri qurulmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Assambleyaların birgə bağlanış sessiyasında “Müxtəlif səsləri ortaq prioritetlərə və əməli öhdəliklərə necə çevirə bilərik” mövzusunda təşkil olunan müzakirədə çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı Ofisinin rəhbəri Anna Soave səsləndirib.
O bildirib ki, əməkdaşlıq yalnız sabit dövrlərdə deyil, böhranlı vəziyyətlərdə də koordinasiyalı fəaliyyət üçün vacibdir.
“Şəhərlərin gələcəyi üçün çoxtərəfli əməkdaşlıq həyati əhəmiyyət daşıyır. Şəhərlər müxtəlifdir və onların demoqrafik xüsusiyyətləri fərqlənir. Bəzi şəhərlərdə əhali yaşlanır, digərlərində isə gənc əhali üstünlük təşkil edir. İnfrastruktur və xidmətlərə olan tələbat da fərqlidir. Buna görə bütün şəhərlərə eyni yanaşmanın tətbiqi mümkün deyil”, – deyə Anna Soave vurğulayıb.
UN-Habitat rəsmisi qeyd edib ki, gələcəyin şəhərləri üçün müxtəlif idarəetmə mexanizmləri və innovativ yanaşmalar hazırlanmalıdır.
“Biz daha dayanıqlı urban gələcəyin formalaşdırılması üçün müxtəlif həll yollarını təşviq etməliyik”, – deyə o bildirib.
O, Assambleyalar çərçivəsində səsləndirilən fikir və təşəbbüslərin WUF13-ün əsas sessiyalarında da diqqət mərkəzində saxlanılmasının vacibliyini qeyd edib.
Fotoqraf - Aydın Məmmədov