Kral Şəhərsalma İnstitutunun vitse-prezidenti: Azərbaycan “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrini fəal şəkildə icra edir VİDEO
Bakı, 19 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dayanıqlı şəhərlərin gələcəyinin formalaşdırılması baxımından olduqca mühüm platformadır.
Bunu AZƏRTAC-a açıqlamasında WUF13-də iştirak edən Böyük Britaniyanın Kral Şəhərsalma İnstitutunun vitse-prezidenti və şəhərsalma üzrə professoru Samer Bagaeeni deyib.
“Forum müxtəlif təşkilatları, icma nümayəndələrini, hökumətləri, nazirləri və fərqli səviyyələrdə çalışan insanları bir araya gətirir. Ən vacib məqamlardan biri isə Bakıda bu cür açıq dialoq və fikir mübadiləsi üçün ortaq məkanın yaradılmasıdır. Bu, şəhərlərin gələcəyi üçün çox dəyərlidir”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan bu gün “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrini fəal şəkildə icra edir:
“Hesab edirəm ki, bu təcrübə dünya üçün, xüsusilə inkişaf etməkdə olan şəhərlər üçün olduqca əhəmiyyətlidir. “Ağıllı şəhər”lər həm bu günün, həm də gələcəyin əsas çağırışlarından biridir və Azərbaycanın bu sahədə qazandığı təcrübənin paylaşılması böyük fayda verə bilər. Bu təcrübələrin WUF13 çərçivəsində təqdim olunması digər şəhərlər üçün mühüm imkan yaradır”.
Samer Bagaeeni qeyd edib ki, bu gün sürətlə böyüyən şəhərlərin qarşısında duran əsas problemlərdən biri rəqəmsallaşma, urbanizasiya və təbii fəlakətlərdir. Əhalisi 20 milyondan çox olan meqapolislər, eləcə də daha kiçik şəhərlər bu çağırışlarla üz-üzədir. “Buna görə də şəhərlərin dayanıqlılığının və davamlı inkişaf potensialının gücləndirilməsi vacibdir. WUF13 isə şəhərlərin öz təcrübələrini paylaşması, problemlərin həlli yollarını müzakirə etməsi və qarşılıqlı öyrənməsi baxımından çox əhəmiyyətli platformadır”, - deyə ekspert əlavə edib.