Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO
Göygöl, 12 iyun, AZƏRTAC
Yeni təsdiqlənən subsidiya qaydaları ilə heyvandarlıq sektorunda fəaliyyət göstərən istehsalçılar üçün də genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Göygöldə jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.
Onun sözlərinə görə, yeni qaydalara əsasən cins heyvan subsidiyası, həmçinin ilk dəfə olaraq süd, ət, yun və dəri məhsullarına məhsul subsidiyası tətbiq olunur. Bundan başqa, bağçılıq, sertifikatlaşma və birillik əkinlər üzrə kredit faizlərinin 19 faizə qədər hissəsinin dövlət tərəfindən qarşılanması üçün hüquqi baza formalaşıb. Bu mexanizmlərin konkret icra qaydaları yaxın vaxtlarda Subsidiya Şurasının iclasında açıqlanacaq.
Aqrar sığortanın əhatəsinin genişləndirilməsi ilə bağlı danışan nazir müavini deyib ki, plana əsasən, sığortalanan əkin sahələri 1 milyon hektara, sığortalanmış heyvanların sayı isə 100 min başdan yuxarı səviyyəyə çatdırılacaq. Bundan əlavə, indiyədək sığortaya daxil olmayan sahələrin, xüsusilə quşçuluq və digər heyvandarlıq istiqamətlərinin mərhələli şəkildə sistemə daxil edilməsi nəzərdə tutulur.
Z.Əliyev, eyni zamanda, yeni mexanizmin həm də subsidiyaların tezləşdirilməsini hədəflədiyini diqqətə çatdırıb.
Müxbir – Elcan Məmmədov