Ceyhun Salmanov: "ASAN" dövlət idarəçiliyində vətəndaş maraqlarını əsas götürən yeni yanaşmadır VİDEO
Bakı, 17 iyun, AZƏRTAC
"ASAN xidmət"in fəaliyyəti yalnız xidmətlərin göstərilməsi ilə məhdudlaşmır. O, xidmətlərin keyfiyyətinə nəzarət edir, sosial innovasiyaları təşviq edir, könüllülük hərəkatını dəstəkləyir. Həmçinin bütün qurumların fəaliyyətinin qiymətləndirilməsinə imkan verən hesabatlılıq mexanizmlərini həyata keçirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov “İnsan hüquqlarının qorunmasında şəffaf, səmərəli və hesabatlı dövlət xidmətlərinin göstərilməsinin mühüm rolu” mövzusunda keçirilən seminarda söyləyib.
O bildirib ki, "ASAN", sadəcə, bir xidmət mərkəzi deyil. O, dövlət idarəçiliyində vətəndaş maraqlarını əsas götürən yeni yanaşmadır.
Ölkənin müxtəlif bölgələrində bu konsepsiya “ASAN Həyat” mərkəzləri vasitəsilə daha da genişləndirilib. Bu komplekslər müasir texnologiyaları, keyfiyyətli xidmətləri və insan mərkəzli yanaşmanı bir araya gətirir.