Vətəndən uzaqda Azərbaycanı yaşadanlar - Şimali Qazaxıstanda milli dəyərlər gələcək nəsillərə ötürülür VİDEO
Kostanay, 6 iyul, AZƏRTAC
Qazaxıstanın şimalında, Azərbaycanın sərhədlərindən minlərlə kilometr uzaqda yerləşən Kostanay vilayətində yaşayan soydaşlarımız uzun illərdir regionun ictimai-mədəni həyatında fəal iştirak edir, eyni zamanda, tarixi Vətənlə əlaqələrini qoruyub saxlayırlar. Buradakı azərbaycanlılar milli bayramları və əlamətdar günləri qeyd edir, Azərbaycanın tarixi, mədəniyyəti və adət-ənənələrinin tanıdılması istiqamətində müxtəlif təşəbbüsləri həyata keçirirlər.
AZƏRTAC xəbər verir ki, Kostanay şəhərindəki Azərbaycan icmasının nümayəndəsi Cəlil Hüseynov artıq 35 ildir, bu regionda yaşayır: “Burada fəal Azərbaycan icması formalaşıb. Azərbaycanın milli bayramlarını və əlamətdar günlərini qeyd edirik. Vətənimizdə gedən prosesləri izləyir, Azərbaycanın uğurlarına sevinirik”, - deyə o qeyd edib.

Kostanayda fəaliyyət göstərən “Birlik” İctimai Birliyinin sədri Rafail Hacıbalayev deyib ki, rəsmi məlumatlara görə, Qazaxıstanda 155 min, qeyri-rəsmi məlumatlara görə isə 200 minə yaxın azərbaycanlı yaşayır. Kostanay vilayətində 5 minə yaxın soydaşımız məskunlaşıb: “Əsas məqsədimiz keçirdiyimiz tədbirlər vasitəsilə Azərbaycanın tarixini, mədəniyyətini və incəsənətini burada tanıtmaqdır”.
İcma nümayəndəsi Azim Tağıyev Azərbaycanla əlaqələrin daimi olduğunu bildirib. O qeyd edib ki, qohumları və yaxınları Azərbaycanda yaşayırlar.

Regionun ictimai həyatında fəal iştirak edən, əslən Lerik rayonundan olan Miryaqub Bağırov 1970-ci illərin sonlarından Kostanayda yaşadığını deyib. Hazırda yerli parkın direktoru vəzifəsində çalışan Miryaqub Bağırov parkda mədəni tədbirlərin də keçirildiyini diqqətə çatdırıb: “Parkımızda gənclərin iştirakı ilə müxtəlif tədbirlər keçirilir. Müslüm Maqomayevin xatirəsinə həsr olunan mədəniyyət günləri də ənənəvi olaraq bu parkda təşkil edilir”.


Əslən Qərbi Azərbaycanın Qafan rayonunun Qızılca kəndindən olan icma üzvü Dursun Məmmədov xaricdə yaşayan azərbaycanlıların Azərbaycanla əlaqələrini qoruduqlarını vurğulayıb: “Bizim Azərbaycanla geniş əlaqələrimiz var. Qohum-əqrəbamız Vətəndə yaşayır. Müstəqil Azərbaycan dövləti, xalqımız və Prezident İlham Əliyevlə fəxr edirik. Yaşasın Azərbaycan!”.
Kostanayda yaşayan azərbaycanlılar bildiriblər ki, Vətəndən uzaqda yaşamaq milli kimlikdən uzaqlaşmaq demək deyil. Buradakı soydaşlarımız həm Qazaxıstan cəmiyyətinə inteqrasiya olunur, həm də Azərbaycanla mənəvi bağlarını qoruyur, milli dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə töhfə verirlər.