ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO
Gəncə, 5 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
ADAU-nun rektoru Zəfər Qurbanov professor-müəllim heyətini bayram münasibətilə təbrik edib. Rektor rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi müasir dövrdə müəllim əməyinin və şəxsiyyətinin əhəmiyyətini qoruduğunu diqqətə çatdırıb. Qeyd edib ki, insanın tərbiyəsinin təməli ailədə qoyulsa da, onun dünyagörüşünün formalaşmasında, düzgün peşə seçməsində və gələcək həyat yolunun müəyyənləşməsində müəllimin rolu əvəzsizdir.
Azərbaycanda müəllim peşəsinə xüsusi ehtiram göstərildiyini vurğulayan Zəfər Qurbanov qeyd edib ki, müəllim üçün əsl bayram yetişdirdiyi tələbələrin uğurlarını görməkdir.
Çıxışının sonunda Zəfər Qurbanov ADAU-nun Kimya kafedrasının professoru Elman Mövsümovu 85 illik yubileyi münasibətilə təbrik edib. Professorun uzun illik fəaliyyətinə verilən dəyərin göstəricisi olaraq ona plaket və hədiyyə təqdim edilib.
Tədbir çərçivəsində Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş videoçarx nümayiş olunub.
Daha sonra ADAU-nun Kimya kafedrasının müdiri Ülviyyə Həsənova professor Elman Mövsümovun elmi-pedaqoji fəaliyyətindən, kimya elminin və tədrisinin inkişafına verdiyi töhfələrdən, tələbə və gənc alimlərin hazırlanmasındakı xidmətlərindən bəhs edib. Ardınca professor Elman Mövsümovun həyat və yaradıcılığına həsr edilən videoçarx izlənilib.
Professor Elman Mövsümovun elmi rəhbəri olmuş görkəmli alim Xudu Məmmədovun oğlu Toğrul Məmmədov tədbirdə müəllim peşəsinin insan həyatındakı xüsusi əhəmiyyətindən danışıb. O, professor-müəllim heyətinə xoş arzularını çatdırıb və Elman Mövsümovla bağlı xatirələrini bölüşüb.
Sonda ADAU tələbələrinin hazırladığı bədii proqram təqdim olunub. Tələbələr Beynəlxalq Müəllimlər Gününə həsr olunan şeirlər söyləyib və musiqi nömrələri ifa ediblər.
Müxbir - Elcan Məmmədov