Direktor: Xətai Tibb Mərkəzində mürəkkəb göz əməliyyatları icbari tibbi sığorta hesabına həyata keçiriləcək VİDEO
Bakı, 3 noyabr, AZƏRTAC
M.Əfəndiyev adına Xətai Tibb Mərkəzində yeni istifadəyə verilən Göz xəstəlikləri və cərrahiyyə şöbəsində indiyədək dövlət tibb müəssisələrində icra olunmayan bütün növ mürəkkəb göz əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Xətai Tibb Mərkəzinin direktoru Aybəniz Sanıyeva deyib.
O bildirib ki, bununla yanaşı, əhalinin ən çox ehtiyac duyduğu bütün növ oftalmoloji xidmətlər pasiyentlərə yüksək səviyyədə göstəriləcək.
“Qeyd etməliyəm ki, indiyədək özəl xəstəxanalarda icra olunan ağırlaşmış katarakta və vitrektomiya əməliyyatları ilk dəfə Xətai Tibb Mərkəzində həyata keçiriləcək. Dövlət tibb müəssisəsinə müraciət edən hər bir xəstə müayinə olunduqdan və diaqnozu təsdiqləndikdən sonra bu əməliyyatların icrası üçün özəl tibb müəssisələrinə göndərilirdi. Bu gündən etibarən isə bütün bu növ əməliyyatları bizim müəssisəmizdə icbari tibbi sığorta hesabına həyata keçirmək mümkün olacaq”, - deyə Tibb Mərkəzinin direktoru bildirib.
O qeyd edib ki, Mərkəzdə gündəlik olaraq 100-110 pasiyentə xidmət göstərilməsi və 50-yə yaxın əməliyyatın həyata keçirilməsi planlaşdırılır.