Azərbaycanda ilk dəfə dövlət tibb müəssisəsində tor qişanın qopması ilə bağlı əməliyyat icra olunub VİDEO
Bakı, 3 noyabr, AZƏRTAC
Oktyabrın 26-da yeni açılan şöbəmizdə əməliyyatlar da icra edirik. Bu günə kimi 9 cərrahi əməliyyat icra olunub. Bunlardan biri dövlət tibb müəssisələrində ilk dəfə icra edilən gözün tor qişasının qopması ilə bağlı əməliyyatdır.
Bunu AZƏRTAC-ın əməkdaşının sualına cavab olaraq M.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin Göz xəstəlikləri və cərrahiyyə şöbəsinin müdiri Cahid Şahbazov deyib.
O bildirib ki, tor qişanın qopması ilə bağlı əməliyyat 65 yaşında xəstə üzərində icra olunub.
"Pasiyentin vəziyyəti yaxşıdır. Onu bir gün klinikada qaldıqdan sonra evə göndərdik. Pasiyent sıfır dərəcəsində görmə ilə gəlmişdi. Artıq əməliyyatın birinci günündə onun üç-beş metrdən barmaq sayı qədər görməsi var idi. Bu kifayət qədər yaxşı görmə hesab olunur", - deyə o diqqətə çatdırıb.
Şöbə müdiri vurğulayıb ki, növbəti günlərdə də tor qişanın qopması və şəkərli diabetin xəstəliyinin fəsadları ilə əlaqədar göz dibi əməliyyatları icra ediləcək: “Müayinələr, eynək seçimi və s. mərkəzimizin prioritet fəaliyyət istiqamətlərindən hesab edilir. Hazırda dövlətin hesabına icra olunacaq əməliyyatların müxtəlif özəl mərkəzlərdə qiyməti 3-10 min manat civarındadır. Gözdibi əməliyyatlar, həmçinin buynuz qışa patologiyasının müayinəsi və diaqnostikası bundan sonra Xətai Tibb Mərkəzində icbari tibbi sığorta hesabına həyata keçiriləcək".