Dirijor Yalçın Adıgözəlov və pianoçu Yeganə Axundova Budapeştdə uğurlu konsert proqramı ilə çıxış etmişlər VİDEO
Budapeşt, 22 mart (AZƏRTAC). Azərbaycanın Macarıstandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının xalq artistləri, dirijor Yalçın Adıgözəlov və pianoçu Yeganə Axundova Budapeştdə uğurlu konsert proqramı ilə çıxış etmişlər.
Macarıstan paytaxtının əsas incəsənət mərkəzlərindən biri olan “Duna Palota” sarayında “Dunay” simfonik orkestri azərbaycanlı dirijorun rəhbərliyi ilə məşhur alman bəstəkarı Lüdviq van Bethovenin əsərlərini ifa etmişdir.
Konsertdəki solo partiyalar isə pianoçu Yeganə Axundovanın ifasında səslənmişdir. Tamaşaçıların arası kəsilməyən alqış sədaları altında dönə-dönə səhnəyə qayıtmağa məcbur olan azərbaycanlı sənətkarlar onlara həm də Azərbaycan musiqisinin nümunələrini - Fikrət Əmirovun “Min bir gecə” baletindən parçalar təqdim etmişlər.
Macar musiqisevərləri həm Yalçın Adıgözəlovu, həm də Yeganə Axundovanı yaxşı tanıyırlar. Onların hər ikisi dəfələrlə Budapeştdə rəngarəng konsert proqramları ilə çıxış etmişdir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt