MƏDƏNİYYƏT
Sənət heyrət doğurur VİDEO
Bakı, 9 aprel (AZƏRTAC). Aprelin 9-da “Qalereya 1969” sərgi salonunda gənc həvəskar rəssam Lalə Heydərovanın “Mənim kiçik dünyam” adlı fərdi sərgisi nümayiş olunmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbirdə gənc fırça sahibinin 22 rəsm nümunəsi, o cümlədən “İşərişəhər”, “Bahar”, “Karvan”, “Rəngarəng dəniz”, Meyvələr”, “Mənzərə”, “Payızda gəzinti”, “Qış mənzərəsi”, “Sahil, “Karvan”, “Düşüncə” və s. sərgilənmişdir.
Tədbirin aparıcısı Rahib Azəri gənc rəssamın rəsmlərindən aldığı təəssüratları sərgiyə toplaşanlarla bölüşmüşdür.
Mərasimdə çıxış edən tanınmış ədəbiyyatşünas alim, şair Ayaz Vəfalı nəvəsi Laləyə incəsənət sahəsində yaradıcılıq uğurları arzulamışdır. A.Vəfalı demişdir: “Əsl poeziya heyrət doğurur” - deyənlər haqlıdır. Ancaq bu poeziyanı təkcə ədəbiyyatda deyil, istedadla yaranmış hər lövhədə də görə bilərik. Xüsusilə bu lövhələri bizim balalarımız yaratmış olanda. Bir valideyn kimi deyə bilərəm ki, onun təsir qüvvəsi qat-qat artıq olur. Mənim əziz Lalə nəvəmin çəkdiyi rəsmlər kimi...”
Tədbirdə çıxış edən xalq rəssamları Ağəli İbrahimov, Arif Hüseynov və digər tanınmış mədəniyyət və incəsənət xadimləri gənc rəssamın əsərlərini yüksək qiymətləndirmiş, bu sərgidə nümayiş etdirilən əsərlərin tamaşaçılara yüksək zövq aşılayacağını bildirmişlər.
Respublika İncəsənət Gimnaziyasının müəllimi, rəssam Əsgər Əsgərov tələbəsi Lalənin gələcəkdə tanınmış bir rəssam kimi uğurlar qazanacağına əminliyini bildirmişdir.
Sərginin açılışını həyatının ən unudulmaz günlərindən birinə çevrildiyini deyən Lalə Heydərova əsərlərinin nümayiş etdirilməsindən şad olduğunu bildirmişdir.
Lalə Heydərova 1999-cu il aprelin 12-də Bakı şəhərində anadan olmuşdur. Rənglər aləmi onu kiçik yaşlarından cəlb etmişdir. O, hələ uşaq ikən xəyalında canlandırdıqlarını ağ vərəqlərə köçürərdi.
Təqdim olunan bu sərgi Lalənin “sənət dünyası” ilə ilk tanışlıqdır. Onun daxili aləmi, maraq dünyası və rənglərə sevgisi bu rəsmlərdə öz əksini tapmışdır.
Xətai rayonundakı Heydər Əliyev adına liseyin 9-cu sinif şagirdi Lalə Heydərovanı bir müqəddəs arzu qanadlandırır. O, sehrli rənglər dünyasının dərinliklərinə varmaq, hər kəsin düşə bilmədiyi aləmdə özünü tapmaq istəyir. Bu məqsədlə də o, təhsilini əvvəlcə Əzim Əzimzadə adına İncəsənət Kollecində, daha sonra isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirmək arzusundadır.