MƏDƏNİYYƏT
“Euronews” telekanalı Azərbaycanın İvanovka kəndində yaşayan molokanlar haqqında reportaj yayımlamışdır VİDEO
Bakı, 17 aprel (AZƏRTAC, Pərvanə Rəhimova). “Euronews” telekanalı Azərbaycanın İvanovka kəndində yaşayan molokanlar haqqında geniş reportaj təqdim etmişdir.
AZƏRTAC xəbər verir ki, süjetdə molokanların ilk evlərinin 1834-cü ildə Azərbaycanın İsmayıllı rayonunda tikildiyi qeyd olunur. Bildirilir ki, İvanovka kəndinin əhalisi etnik ruslardan ibarətdir və molokan icmasının yaşadığı ərazilərdən biridir.
Reportajda molokanların tarixi və həyat tərzi barədə geniş məlumat verilmişdir.
Bildirilmişdir ki, onlar dua etmək üçün toplaşanda nəinki videokamera, hətta mobil telefon belə gətirmək qadağandır. “Euronews”un əməkdaşlarına münasibətdə bu məsələ istisna təşkil etmişdir. İvanovkanın yaşlı sakinlərindən biri Matvey Ermolov bildirmişdir ki, birgə dua etmək üçün yığışmaq, həmçinin icmanın görüş anıdır. Bura toplanmaq həm də məsələlərin birgə həllini tapmaq üçün səbəbdir.
Telereportajda qeyd olunur ki, İvanovkada sanki zaman donmuşdur. Çünki demək olar ki, hər bir molokanın evində soba vardır. Bu gözəllik üçün deyil, ənənəvi dadlı yeməkləri bişirmək üçündür. Heç bir ailəvi və bayram toplantıları “əriştəsiz” keçmir.
Teleyayımda Valentina Serebrannikova “Euronews”un müxbirlərinə “əriştə” təklif edir.
Reportajda məhz İvanovkada Azərbaycanda sovet dövründən qalan yeganə kolxozun fəaliyyət göstərdiyi xüsusi vurğulanır. İvanovka sakini İvan Novoselsev telekanala müsahibəsində bütün ömrü boyu kolxozda işlədiyini bildirmişdir. Təqaüdə çıxdıqdan sonra o, arıçılıqla məşğul olur.
Süjetdə xüsusi qeyd olunur ki, İvanovka sakinləri tarixi ənənələrinə çox sadiqdirlər, eyni zamanda, dəyişikliklərdən də qorxmurlar.