Azərbaycan musiqiçiləri Misirdə keçirilən illik Beynəlxalq zərb alətləri və ənənəvi incəsənət festivalında uğurla iştirak edirlər VİDEO
Qahirə, 23 aprel (AZƏRTAC). Aprelin 19-da Qahirədəki "Səlahəddin" qəsr kompleksinin səhnəsində illik Beynəlxalq zərb alətləri və ənənəvi incəsənət festivalı ("The International Festival for Drums and Traditional Arts "Drums Dialogue for Peace") başlamışdır.
Misirin Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuş və aprelin 25-dək davam edəcək Beynəlxalq festivalda dünyanın 20-dən çox ölkəsindən, o cümlədən Azərbaycandan musiqiçilər iştirak edirlər.
Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri Pərvin Əfəndiyevanın, həmçinin musiqiçilərimizdən Gülnar Həşimovanın (xanəndə), Elşən Tahirovun (tar), Qönşə Mehdiyevanın (kamança), Zəminə Babayevanın (qanun), Elnur Hüseynovun (balaban), Mehman Xaliqzadənin (nağara) və Qurban Abasovun (zərb) daxil olduğu Əhsən instrumental ansamblı tamaşaçılara koloritli Azərbaycan milli musiqisini təqdim etmişdir.
Tamaşaçılar Azərbaycan musiqiçilərinin ərəb dilində ifalarını və "Sarı gəlin" xalq mahnısını böyük maraqla qarşılamış, onları ürəkdən alqışlamışlar.
Musiqiçilərimiz Azərbaycanın Misirdəki səfirliyinin nümayəndələri və diaspor təşkilatlarımızın üzvləri və tələbələr də dəstəkləmişlər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə