Stokholmda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilmişdir VİDEO
Stokholm, 10 may (AZƏRTAC). Azərbaycanın İsveçdəki səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə İsveç ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, Ulu Öndərin həyat və fəaliyyətindən söz açan Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov bildirmişdir ki, Heydər Əliyev Azərbaycanı xaosa sürükləyən səriştəsiz hakimiyyət orqanlarının dağıdıcı hərəkətlərindən xilas etmiş əsl vətənpərvər, ömrünü xalqa həsr etmiş siyasətçi olmuşdur. Azərbaycanın siyasi, iqtisadi və mədəni inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev irsi Azərbaycan xalqının sərvətidir.
Səfir vurğulamışdır ki, Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri bu böyük şəxsiyyətin öz torpağına və xalqına qırılmaz tellərlə bağlı olduğunu əyani şəkildə göstərir.
Sonra Azərbaycan diasporunun nümayəndələri çıxış edərək vurğulamışlar ki, Heydər Əliyevin sevdiyi, daim qayğısına qaldığı və inkişaf etdirdiyi Azərbaycan qarşısında müstəsna xidmətləri vardır. Heydər Əliyev xarici ölkələrdə yaşayan azərbaycanlıların problemlərinə həmişə xüsusi diqqət yetirmiş, dünyanın müxtəlif ölkələrində Azərbaycan diasporunun sıx birləşməsində böyük rol oynamışdır.
Rauf Əliyev
AZƏRTAC -ın xüsusi müxbiri
Stokholm