SİYASƏT
Azərbaycan nümayəndə heyəti Həştərxanda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir VİDEO
Həştərxan, 12 may (AZƏRTAC, Elşən Şahbalayev). Mayın 12-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaranmasının 10 illiyinə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün Həştərxanda olan Azərbaycan nümayəndə heyəti Ulu Öndərin bu şəhərdə ucaldılan abidəsini ziyarət etmişdir.
AZƏRTAC-ın Həştərxana ezam olunmuş müxbiri xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin abidə önünə əklil qoyaraq Ümummilli Liderin xatirəsini anmışlar.
Sonra nümayəndə heyəti və Həştərxan qubernatorluğunun rəhbərliyi və ictimaiyyət nümayəndələri Heydər Əliyev Fondu tərəfindən yaradılan “Arzu” uşaq şəhərciyindəki kafedə uşaqlarla görüşmüşlər. Uşaqlar qonaqları şeirlərlə qarşılamışlar. Sonra uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilmişdir.
Daha sonra nümayəndə heyəti knyaz Vladimirin Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılan abidəsi önünə gül dəstələri qoymuşlar.