SİYASƏT
Qars ictimaiyyəti Azərbaycanın bayram sevincini böyük sevgi ilə bölüşüb VİDEO
Qars, 27 may, AZƏRTAC
28 May - Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Qarsdakı Baş konsulluğu bu şəhərdəki Qafqaz Universitetində rəsmi mərasim təşkil edib.
Mərasimdə Qars vilayətinin valisi Günay Özdemir, şəhər bələdiyyəsinin rəhbəri Murtaza Qaraçanta, vilayət polis idarəsinin rəisi Faruk Karaduman, jandarma komandanı Murat Kınay və digər rəsmi şəxslər, habelə Qars və İqdır bölgəsini təmsil edən ictimaiyyətin görkəmli nümayəndələri, KİV təmsilçiləri, burada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra baş konsul Ayxan Süleymanlının çıxışı olub. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və keçdiyi şərəfli yol, müstəqil dövlətimizin qurucusu olan ziyalılarımızın həyat və fəaliyyəti, cümhuriyyətin süqutunun səbəbləri barədə ətraflı məlumat verib.
Diqqətə çatdırılıb ki, XX əsrin sonlarında keçmiş sovetlər birliyinin dağılması Azərbaycanın dövlət müstəqilliyinin bərpası üçün yenidən tarixi şərait yaratdı.
Müstəqilliyin ilk illərində Azərbaycanın qarşılaşdığı təhlükələri xatırladan A.Süleymanlı bildirib ki, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində xalqımız müstəqilliyini qoruyub möhkəmləndirməyə, öz milli dövlətini yaratmağa nail olub. Ulu Öndərin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın hərtərəfli və dinamik inkişafını, o cümlədən Azərbaycan-Türkiyə münasibətlərinin dərinləşməsini təmin edib.
Xalqımızı əlamətdar bayram münasibəti ilə təbrik edən Qars vilayətinin valisi Günay Özdəmir bildirib ki, tarixin bütün dövrlərində Azərbaycanda aparılan milli-azadlıq mübarizəsi başqa xalqlara örnək olub. Bu mübarizələrdə çoxlu qurbanlar verilib. Nəticə budur ki, Azərbaycan xalqı öz müstəqilliyinə qovuşub və bütün varlığı ilə onu qoruyur. Hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyə bu yolda öz qardaşlıq köməyini heç vaxt əsirgəməyəcək.
Çıxışlarda Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri iqtisadi layihələrin tarixi əhəmiyyətindən, onların regional inkişafa təsirindən, insanların rifahında oynadığı roldan da bəhs olunub.
Rəsmi hissədən sonra Naxçıvan Muxtar Respublikasının Dövlət Filarmoniyasının solistləri və Şərur yallı qrupu geniş konsert proqramı ilə çıxış ediblər.
Mərasim ziyafətlə davam edib.
Yerli mətbuat mərasimi geniş işıqlandırıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Qars