“880 illik dəyər – Nizaminin Xəmsəsi” adlı silsilə tədbirlər layihəsi başa çatıb
Naxçıvan, 5 mart, AZƏRTAC
“Naxçıvan” Universitetində reallaşdırılan “880 illik dəyər - Nizaminin Xəmsəsi” adlı silsilə tədbirlər layihəsi çərçivəsində keçirilən tədbirlər başa çatıb.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva 2021- cil ilin “Nizami Gəncəvi İli” elan olunduğunu, bununla əlaqədar universitetdə xüsusi layihə hazırlandığını, 1-5 mart tarixlərində silsilə tədbirlərin keçirildiyini bildirib. Qeyd edib ki, tədbirlərin əsas məqsədi Nizami Gəncəvinin zəngin yaradıcılığının gənc nəsilə çatdırılması, dahilərimizin milli-mədəni tariximizdəki rolunu onlara aşılamaqdır.
Nurlana Əliyeva Nizami Gəncəvi yaradıcılığının ədəbiyyatımızda xüsusi yer tutduğunu, bu yaradıcılığın mütəmadi olaraq təbliğ və tədqiq olunmasının zəruriliyini xatırladıb, bu cür tədbirlərin il ərzində davam edəcəyini bildirib.
Sonra “Xəmsə” milli intellektual oyunu keçirilib. Nəticələrə əsasən “Qarabağ” komandası I, “Xarı bülbül” komandası II, “Şuşa” komandası III, “Zəfər” komandası isə IV yerə layiq görülüb.
Qalib komandalara, həmçinin 5 gün ərzində keçirilən silsilə tədbirlərdə fəallıq göstərən tələbələrə diplomlar təqdim olunub.
Bununla da “880 illik dəyər - Nizaminin Xəmsəsi” adlı silsilə tədbirlər layihəsi sona çatıb.
Xatırladaq ki, layihə çərçivəsində açılış tədbiri, tələbələrin əl işlərindən ibarət rəsm sərgisi, “Hikmət və nəsihətlər” və “Sirlər xəzinəsi” kitablarının müzakirəsi, “Xeyir və Şər” əsərinin səhnələşdirilməsi və “Xəmsə” milli intellektual oyunu keçirilib.