Talal al Hothal: Bakı Forumu insanları birliyə, birgə yaşayışa səsləyən gözəl prosesdir VİDEO
Bakı, 27 aprel, AZƏRTAC
BMT-nin Sivilizasiyalar Alyansının Bakı Forumunda biz təcrübəmizi bölüşdük, təhsil alan və təhsil verən şəxslərə hücumların qarşısını necə almaq barədə fikir mübadiləsi apardıq. Biz, həmçinin bu Forum vasitəsilə dünyaya təhsili necə inkişaf etdirmək mesajımızı verdik. Bakı Forumu insanları birliyə, birgə yaşayışa səsləyən gözəl prosesdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri aprelin 27-də Bakı Konqres Mərkəzində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Alyansın Dostları Qrupunun yüksək səviyyəli iclasının “Birgəyaşayışın öyrənilməsi: təhlükə və münaqişə problemi” mövzusunda əməkdaşlıq toplantısında “Təhsil hər şeydən üstün” təşkilatının (EAA-PEIC) monitorinq və qiymətləndirmə üzrə mütəxəssisi və baş tədqiqatçısı Talal al Hothal bildirib.
EAA-PEIC təşkilatının rəhbərliyi altında keçirilən toplantıda Talal al Hothal proqramın əhəmiyyətindən və yaranma tarixindən danışıb. Bildirilib ki, 2012-ci ildə yaradılmış təşkilat üç istiqamətdə fəaliyyət göstərir. Bunlar qaçqın, böhranlı və münaqişəli bölgələrdə əziyyət çəkən uşaqların təhsilini nəzərdə tutan proqramlardır. Münaqişələr və müharibələr zamanı uşaqlar üçün təhsilin təmin olunması təşkilatımızın diqqət mərkəzindədir. Bununla bağlı, 2014-cü ildə EAA-PEIC tərəfindən proqram qəbul olunub.
Hüquq və təhsil üzrə proqram mütəxəssisi xanım Meeran Nagi fəaliyyətlərində beynəlxalq hüququn mexanizmlərindən istifadə etməyin vacibliyini qeyd edib. O deyib ki, münaqişənin 3 leqal mexanizmi var: beynəlxalq insan hüquqları qanunu, beynəlxalq humanitar qanun və beynəlxalq cinayət qanunu. Bu qanuni mexanizmlər əsas götürülür. Beynəlxalq İnsan Hüquqları Konvensiyası hər bir şəxsin cinsindən, irqindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq təhsil hüququnu təmin edir. İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Konvensiya, Uşaq Hüquqları haqqında Konvensiya və BMT tərəfindən qəbul olunan digər sənədlər bütün vəziyyətlərə və zamanlara, vətəndaşlığı olmayanlara və məcburi köçkünlərə aiddir. Bu konvensiyalar ölkələrin üzərinə məsuliyyət qoyur.
Tədbirdə çıxış edən təşkilatın texniki müşaviri xanım Margaret Sinclair proqramın üstünlüklərindən bəhs edib.
Daha sonra münaqişəli ölkələrdən olan iştirakçılarla müxtəlif mövzularda fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.