REGİONLAR
“Uşaq Kitab Karvanı Şimal bölgəsində” layihəsinə start verilib
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 9-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə 2016-cı il “Multikulturalizm ili” çərçivəsində “Uşaq Kitab Karvanı Şimal bölgəsində” adlı layihəyə start verilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində təşkil olunan səyyar kitab sərgiləri respublikanın şimal bölgəsində yerləşən Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarını əhatə edəcək.
Tədbirin keçirilməsində əsas məqsəd respublikanın şəhər və rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemləri və filiallarında uşaq ədəbiyyatına olan marağı yüksəltmək, uşaqları mütaliəyə cəlb etməkdir. Eyni zamanda, kitab karvanının keçəcəyi yerlərdə ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək, uşaqların asudə vaxtlarının təşkilində böyük xidmətləri olan kitabxanaların müsbət imicinin artması hədəf seçilib. Artıq dördüncü dəfədir ki, təşkil edilən kitab karvanında F.Köçərli adına Respublika Uşaq Kitabxanasının nümayəndələri ilə yanaşı, respublikanın bir sıra tanınmış uşaq yazıçıları da iştirak edəcək.
Hər bir rayon üçün nəzərdə tutulan kitab bağlamasında nəşriyyatların, yazıçıların da hədiyyəsi olmaqla, təxminən son illərdə nəşr edilən 1000 nüsxə uşaq ədəbiyyatı nümunələri rayon kitabxanalarına hədiyyə olunacaq. İyunun 15-dək davam edəcək layihə çərçivəsində kiçikyaşlı uşaqlar arasında “Nağıl bilicisi” adlı müsabiqə də keçiriləcək.
Qeyd edək ki, sözügedən layihə 2011-ci ildən başlayaraq hər il təşkil olunur.