İDMAN
9 APREL
2013-cü il. Azərbaycan Prezidenti “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.
1886-cı il. Azərbaycanın və SSRİ-nin Xalq Artisti Sidqi Ruhullanın (Ruhulla Axundov) doğum günü (1886-1959). Sidqi təxəllüsünü "Vətən" dramında eyni adlı rolu məharətlə ifa etdiyi üçün yoldaşlarının məsləhəti ilə götürüb. 1906-cı ildə ilk dəfə Nəcəf bəy Vəzirovun "Adı var, özü yox" komediyasında Telli rolunda səhnəyə çıxıb. O vaxt milli teatr səhnəsində qadın rollarını kişilər ifa edirdilər. 50 illik səhnə fəaliyyəti dövründə Sidqi Ruhulla 300-ə yaxın müxtəlif obrazlar silsiləsi yaradıb.
1946-cı il. Tanınmış rejissor və aktyor Ceyhun Mirzəyevin doğum günü (1946-1993). Onun 48 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. "Görüş" filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı vardı. On iki yaşı olanda "Ögey ana" filminin çəkilişlərinə dəvət alıb. Ceyhuna məşhurluğu da elə bu film gətirib. Sonuncu dəfə "Fəryad" filmində çəkilsə də, ekran əsərinin tamamlanmasını görmək ona qismət olmayıb.
1989-cu il. Sovet qoşunları Tbilisidə dinc mitinqi dağıdıb. İmperiya siyasətinə qarşı çıxan və Gürcüstanın müstəqilliyi uğrunda mübarizəyə qalxan nümayişçilərə qarşı silah və zəhərli qaz işlədilib. Bu qanlı hadisə nəticəsində 21 nəfər həlak olub, yüzlərlə insan qazdan zəhərlənib.