AMEA-nın Polimer Materialları İnstitutu və “XANİ” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bakı, 15 oktyabr, AZƏRTAC
AMEA-nın Polimer Materialları İnstitutu və Sumqayıt şəhərindəki “XANİ” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, müqaviləyə əsasən institutun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının əməkdaşlarının müəssisədə alınan polimer tullantılarının təkrar emalı problemi ilə əlaqədar olaraq kompleks şəkildə elmi-tədqiqat işləri aparması nəzərdə tutulur.
“XANİ” MMC-də görülən işlər və avadanlıqların iş prinsipləri ilə tanış olmaq məqsədilə laboratoriyanın müdiri, kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanovun rəhbərliyi ilə laboratoriya əməkdaşları həmin müəssisədə olublar. Onlar müəssisədə fəaliyyət göstərən “plyonka” sexində iri və kiçik tutumlu çəlləklərin, boruların və müxtəlif tip məmulatların hazırlanma texnologiyası ilə tanış olublar.