Alqoloq Vüqar Abdulkərimov: Ağrıya dözmək həyat keyfiyyətinin aşağı düşməsi deməkdir

Bakı, 23 sentyabr, AZƏRTAC
Xroniki ağrıların çarəsiz olduğunu düşünməyin. Ağrı çəkərək həyatı özünüzə zəhər etməyin. Hər ağrının müalicəsi olduğunu unutmayın. Bu məqsədlə Mərkəzi Klinikanın “Ağrı mərkəzi”nə müraciət edə bilərsiniz.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Mərkəzi Klinikanın reanimasiya şöbəsinin müdiri, reanimatoloq, alqoloq Vüqar Abdulkərimov bildirib.
Həkim deyib: “Beynəlxalq ağrı araşdırma təşkilatı tərəfindən verilən tərifə görə ağrı bədənin hansısa bir orqanından qaynaqlanan, orqanik bir səbəblə əlaqədar olan və ya olmayan, insanın keçmişdəki təcrübələrini əhatə edən, xoşagəlməz xüsusi bir hissdir.
Alqologiya, ümumilikdə, xroniki ağrılarla məşğul olan elmdir.
Ağrılar xroniki və kəskin olmaqla iki hissəyə ayrılır. Kəskin ağrılar hansısa bir xəstəliyin əlaməti olaraq meydana çıxan ağrı çeşididir. Bunlara qarın, baş, boğaz, döş qəfəsinin ağrıları aiddir. Xroniki ağrı isə bir qədər fərqlidir. Altı aydan uzun müddət davam edən ağrılara xroniki ağrılar deyilir. Belə ağrılar həyəcan siqnalı olmaqdan çox sərbəst bir xəstəlikdir, özü-özlüyündə bir sindromdur. Bu daha çox neyropatik ağrı olur. Bu zaman sinirlərin özünün patologiyası əmələ gəlir ki, belə olduqda qıcıqlanma ola və ya olmaya bilər. Bunlar əsasən öncəki problemlərə bağlı sinir yaddaşı kimi qiymətləndirilir və əsasən sinirin özündə baş verən iltihabi prosesə bağlı olur. Bunlara nevralgiya, damar mənşəli, travmaya bağlı, onkoloji, miqren və ümumiyyətlə baş, boyun, oynaq və ya əməliyyat bölgəsində yaranan fibrozlaşmanın (çapıq toxuması) yaratdığı ağrılar və sairələri daxildir. Hər bir ağrının özünə uyğun müalicə üsulu var. Əvvəlcə əlbəttə ki, medikamentoz müalicələrə üstünlük verilir. Daha sonra fizioterapiya və minimal invaziv üsulla mərhələlərlə, yəni kaskadlı müalicə üsulundan istifadə edərək daha mürəkkəblərinə keçilir. Yəni müalicələr əsasən daha yüngüldən daha ağıra doğru gedir.
Ümumiyyətlə hər bir ağrıya dözmək özü-özlüyündə həyat keyfiyyətinin aşağı düşməsi deməkdir. Bundan əlavə ağrı hansısa xəstəliyin xəbərçisi də ola bilər. Bu səbəbdən ağrı hiss etdikdə həkimə müraciət edərək yaranma səbəbini müəyyən etmək mütləqdir. Kəskin ağrılar zamanı adətən sahə üzrə mütəxəssisə müraciət edilir. Lakin xroniki ağrılar zamanı problemin mənşəyini müəyyən etmək üçün həkim-alqoloqun müayinəsindən keçmək mütləqdir”.