CƏMİYYƏT
Astarada 5,6 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Bakı, 21 yanvar, AZƏRTAC
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində 5,6 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə dəfələrlə məhkum olunmuş rayonun Şahağacı kənd sakini Fikrət Cabbarov narkotik vasitəni satarkən saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 1 ədəd bükümdə 17 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq F.Cabbarovun Astara rayonunun Şahağacı kəndində yerləşən yaşadığı evə keçirilən baxış zamanı 3 ədəd bağlamada çəkisi 5 kiloqram 655 qram narkotik vasitə olan tiryək və 1 bükümdə çəkisi 10 qram olan psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.