REGİONLAR
Azərbaycan Polisi çətin və şərəfli yol keçib
Sumqayıt, 2 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycan Polisinin yaranmasının 100-cü ildönümü və polis işçilərinin peşə bayramı münasibətilə Sumqayıtda keçirilən tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, polis veteranları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.
Şəhər Polis İdarəsinin Akt zalında davam etdirilən tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş və xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun bayram münasibətilə şəxsi heyətə təbrik məktubu oxunub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycan Polisinin 100 illiyi münasibətilə polis əməkdaşlarını təbrik edib, çətin və şərəfli vəzifələrində onlara uğurlar arzulayıb. O, müstəqil Azərbaycanın daxili işlər orqanlarının formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolunu xüsusi vurğulayıb.
Tədbirdə Azərbaycan Polisinin keçdiyi şərəfli yoldan bəhs edən məruzə dinlənilib. Bildirilib ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə əsası qoyulan milli polis ötən dövr ərzində çətin və şərəfli yol keçib. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.
Mərasimdə polis orqanlarında xidmətdə fərqlənən şəxslərə Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və pul mükafatları təqdim edilib.