REGİONLAR


Balakən ziyalısı: BMT-nin kağız üzərində qalan qətnamələrinin icrasını Azərbaycan özü yerinə yetirir

Balakən, 22 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də ölkəmizə qarşı başladığı növbəti təxribatçılıq əməllərinə cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları düşmənə həm hərbi texnika, həm də canlı qüvvə baxımından böyük itkilər yaşadır. Ərazilərimizin bir hissəsi artıq erməni işğalından azad edilib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hər gün xalqımızı xoş xəbərlərlə sevindirir. Bu gün Azərbaycan haqq yolundadır və beynəlxalq qanunlara uyğun olaraq, öz torpaqlarını erməni işğalından azad edir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Balakən rayonunun ziyalısı, Əməkdar müəllim Cavanşir Alqayev söyləyib.

Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında bir yumruq kimi sıx birləşdiyini və Böyük Qələbə gününün çox yaxında olduğuna ürəkdən inandığını vurğulayan təhsil işçisi bildirib ki, BMT-nin kağız üzərində qalan qətnamələrinin icrasını artıq Azərbaycan özü yerinə yetirməyə başlayıb və ona görə də kimsənin ölkəmizə irad tutmağa nə haqqı, nə də arqumenti var.

Rayon ziyalısı deyib: “Azad olunan hər bir qarış Vətən torpağı üçün xalqımız ürəkdən sevinir. Bu gün doğma torpaqlarımızın işğaldan azad olunmasına görə Ali Baş Komandana və onun döyüş əmrlərini böyük uğurla yerinə yetirən güclü ordumuza təşəkkür edirik. Xalqımız hər zaman Ali Baş Komandanın və müzəffər ordumuzun arxasındadır. Bu gün Ali Baş Komandanın qətiyyəti sayəsində xalqımız öz gücünü bir daha bütün dünyaya sübut edir, mənfur düşməni əzəli torpaqlarımızdan qovur. Bu gün uşaqdan böyüyə kimi, hər bir Azərbaycan vətəndaşı inanır ki, Ali Baş Komandanın rəhbərliyi ilə tezliklə müzəffər ordumuz işğal altında olan torpaqlarımızı mənfur düşməndən təmizləyəcək, üçrəngli bayrağımız Xankəndidə, Şuşada, digər yaşayış məntəqələrində dalğalanacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.